About Me

LabInfoAZ ana dilində ilk klinik laboratoriya üzrə informasiya resursudur. Burada klinik laboratoriya ilə bağlı ən son xəbərlər, beynəlxalq səviyyəli tədbirlərin elanları, müxtəlif testlərin videoları və aparılma prosedurları, nəzəri məlumatlar, şəkillər....bir sözlə laboratoriya haqqında hər şey ana dilimizdə - LabInfoAZ -da...

May 13, 2012

FLOW CYTOMETRY nədir?

Flow Cytometry və ya axın sitometriya - mikroskopik hissəciklərin (məs: hüceyrə, xromosom və s.) axın zamanı elektronik deteksiya yolu ilə sayılmasıdır. Tibbdə ən geniş tətbiq olunduğu sahə leykemiyaların diaqnozu və differensiasiyasıdır.1953-cü ildən etibarən "impedance" prinsipi ilə işləyən cell counter-lərin istifadəsinə başlansa da, fluoressent axın sitometrlərin əsası 1968-ci ildə qoyulur və 70-ci illərdə artıq Becton Dickinson və Beckman Coulter kimi istehsalçılar bu cür cihazları satışa çıxarır.
Müasir sitometrlər saniyədə bir neçə min hissəciyi müayinə edə bilir. Tibbi laboratoriyalarda tətbiq olunan sitometriyaya cihazla yanaşı, fluoressent - nişanlanmış antitel reagentləri də mütləqdir. Müxtəlif lazerlərdən və fluoressent detektorlardan təşkil olunan sitometr hədəf hüceyrə populyasiyasını spesifik fenotipik markerlərə əsasən müəyyənləşdirir. Hüceyrə xarici və ya hüceyrə daxili markerdən gələn fluoressent siqnala əsasən hüceyrəni deteksiya etdikdən sonra, sitometrlərin bəzi növləri hətta həmin hüceyrənin digital şəklini də çəkə bilir. Nəticələr histoqram və ya nöqtə diaqramı şəklində təsvir olunur.
Tibbin əsasən transplantasiya, hematologiya, immunologiya, kimyəvi terapiya, prenatal diaqnostika və genetika kimi sahələrində geniş istifadə olunur. Sitometr vasitəsilə aşağıdakı parametrlər təyin oluna bilər:
  • hüceyrələrin həcmi və morfoloji quruluşu
  • total DNT tərkibi (hüceyrə tsikli analizi, hüceyrə kinetikası, proliferasiyası, ploidlik, aneuploidlik, endoreduplikasiya və s.)
  • total RNT tərkibi
  • xromosom analizi və tipləşdirilməsi
  • protein ekspressiyası, modifikasiyası və lokalizasiyası
  • transgen məhsullar
  • hüceyrə səthi antigenlər (Cluster of differentiation (CD) markerlər)
  • hüceyrə daxili antigenlər (bəzi sitokinlər, ikincili mediatorlar, və s.)
  • nüvə antigenləri
  • enzimatik aktivlik
  • pH, hüceyrə daxili ionlaşmış Ca, Mg, membran potensialı
  • membran özüllüyü
  • apoptoz (DNA degradasiyasının ölçülməsi, mitoxondrial membran potensialı, kaspaz aktivliyi)
  • hüceyrənin yaşama qabiliyyəti
  • hüceyrənin elektrik keçiriciliyinin monitoringi
  • xərçəng hüceyrələrinin xarakterik multidrug rezistentliyi (MDR)
  • qlutation
  • hüceyrə adheziyası 
Ətraflı:   http://en.wikipedia.org/wiki/Flow_cytometry