About Me

LabInfoAZ ana dilində ilk klinik laboratoriya üzrə informasiya resursudur. Burada klinik laboratoriya ilə bağlı ən son xəbərlər, beynəlxalq səviyyəli tədbirlərin elanları, müxtəlif testlərin videoları və aparılma prosedurları, nəzəri məlumatlar, şəkillər....bir sözlə laboratoriya haqqında hər şey ana dilimizdə - LabInfoAZ -da...

Jun 26, 2013

Əgər bir gün laboratoriya personalı olmazsa necə olar???

Kanada Tibbi Laboratoriya həftəsinin təbliğat videosuna görə, əgər bir gün laboratoriya personalı olmazsa, həkimlər test nəticələrini əldə edə bilməz və pasientlər uyğun müalicə ilə təmin oluna bilməz...

Feb 24, 2013

Spontan abortların laborator diaqnostikası


Spontan abort (düşük) – bütün hamiləliklərin 25 %-ni təşkil edir. 1-2 % hallarda isə təkrarlanan spontan aborta (RPL-Recurrent Pregnancy Loss) rast gəlinir ki, bu da 3 ardıcıl 20 həftəyə qədər olan hamiləliyin qeyri-ixtiyari pozulması halıdır.
Təkrarlanan Spontan Abortun
Səbəbləri:

•Genetik faktorlar
•Autoimmun
•Endokrin Faktorlar
•İnfeksiyalar
•Anatomik faktorlar
•Naməlum səbəblər (Trombofiliyalar və digər laxtalanma pozğunluqları və s.)


Genetik Faktorlar

Bütün təkrarlanan spontan abort hallarının (RPL) 2-4 %-ni balanslaşmış struktural xromosom anomaliyaları təşkil edir. Nadir hallarda isə Kistik fibroz və oraqvari hüceyrə anemiyası kimi gen defektləri də RPL-ə səbəb ola bilər. Genetik amillərin rolunu yoxlamaq üçün ilk növbədə hər iki valideynin kariotipləşməsi və əgər ehtiyac yaranarsa abortiv materialın xromosom testi həyata keçirilir. Karioptipləşmə valideynlərdən götürülmüş qan nümunəsinə əsasən aparılır. Prosedurun nəticəsində xromosomlarda say və struktur dəyişikliklərinin olub-olmaması araşdırılır. Hətta valideynlərdə xromosom anomaliyaları aşkarlansa belə, Preimlantasion Genetik Müayinə və Ektrakorporal Mayalanma sayəsində normal hamiləliyin baş tutması mümkündür.

Aug 10, 2012

Eritrosit indeksləri


24 parametr avtomat hematoloji analizatorun göstəricilərindən MCV, MCH, MCHC və RDW talassemiya diaqnostikasında mühüm rol oynayır. Avtomatlaşmış olması və həssaslığının təxminən 97-100 % olması ilə əlaqədar NESTROFT-dan üstün hesab olunur. Həm daşıyıcılığın müəyyənləşdirilməsinə, həm də talassemiya ilə Fe defisitli anemiyanın differensiasiyasına imkan verir. Talassemiya zamanı eritrositlərin sayı kompensator olaraq artmış olur. Mikrositar hipoxrom anemiyaya xas MCV və MCH azalması ilə yanaşı, RDW-də heç bir dəyişiklik müşahidə olunmur.
Eritrosit indekslərinin daşıyıcılarda yanlış neqativ olma ehtimalı cəmi 3%-dir.

Jul 30, 2012

Hb fraksiyalaşdırma

Hemoqlobinopatiyaların Skrininq testləri içində ən təkmili hesab olunur və bu məqsədlə əsasən HbA2 və HbF miqdari təyini aparılır. Lakin ixtisaslaşmış laboratoriyalarda digər Hb fraksiyaları da araşdırlır. Normal insanlarda aşağıdakı Hb fraksiyalarına rast gəlinir:

• Hb A (α2β2) – 94-98%
• Hb F (α2γ2) - <2% β-talassemiya daşıyıcılarında >2%
• Hb A2 (α2δ2) – 1.5-3.5% β- talassemiya daşıyıcılarında 4-9%, xəstələrdə 80-100%

Fraksiyalaşdırma təkcə talassemiyanın yox, həmçinin digər hemoqlobinopatiyaların diaqnozuna, patoloji Hb-lərin müəyyənləşdirilməsinə imkan verir. Aşağıdakı üsullarla fraksiyalaşdırma aparıla bilər:
  • Mikrokolon
  • Elektroforez
  • HPLC
  • İzoelektrik fokuslama
 Mikrokolon xromotoqrafiya üsulu
HbA2 miqdari təyinində güvənilən yöntəmlərdəndir. Lakin prosedurun uzun müddətli və qəliz olmasına görə HPLC-dən geri qalır, buna görə də hal-hazırda diaqnostik laboratoriyalarda istifadəsinə az rast gəlinir.

 Elektroforez
Hb fraksiyalaşdırılması elektroforezin qələvi və turş növləri ilə aparıla bilər:
  • Alkali (qələvi) Elektroforez (pH 8,2-8,6) fraksiyalaşdırmada ilkin mərhələdir, hemoqlobinopatiyaların skrininqi üçün istifadə olunur. Aqaroza və ya seluloza-asetat gelində aparılır və
    ◦ HbA
    ◦ HbF
    ◦ HbS/G/D,
    ◦ HbC/E/O-Arab
    ◦ HbH
    fraksiyalarının identifikasiyasına imkan verir. Yuxarıda göstərilən fraksiyalar elektroforez nəticəsində eyni zolaqda toplanır. Patoloji Hb zolaqları pozitiv olarsa, məhz hansı fraksiyanın olduğunu müəyyənləşdirmək lazımdır. HbH və Hb Barts üçün isə həssaslığı aşağıdır.
  •  Asid (turş) Elektroforez (pH 6,0-6,2) HbS-i HbG və HbD-dən, HbC-ni HbO və HbE-dən ayırmağa imkan verir. Buna görə də, qələvi elektroforezdə patoloji Hb zolaqları: HbS/G/D və ya HbC/E/O-Arab pozitiv olarsa, bu fraksiyaların differensiasiyası asid elektroforez üsulu ilə aparılır.
  HPLC High Performance Liquid Chromatography
Hal-hazırda diaqnostik laboratoriyalarda fraksiyalaşdırmanın ən geniş yayılmış metodudur. Əsasən HbA, HbA2 və HbF müayinəsi aparılsa da, digər variant Hb-lərin də təyininə imkan verir. Digər metodlardan bahalı olmasına baxmayaraq, daha qısa müddətdə və konkret nəticə verməyinə görə üstündür. Spesifikliyi 100%-dir. Hal hazırda HPLC texnikası ilə işləyən BioRad Variant (β thal short program), BioRad D10, Primus Variant System 99, Kontron Instruments Haemoglobin System PV, Glycomat , Shimadzu Industry Standard HPLC, Protech Scientific Ltd, HaemaChrom kimi cihazlar var və Biorad bunlar arasında qabaqcıl istehsalçılardandır.

Jul 28, 2012

Osmotik rezistentlik - NESTROFT TEST


(Nestroft-Naked Eye Single Tube Red Cell Osmotic Fragility Test)
Talassemiya testləri arasında ən ucuzu olan Nestroft ÜST tərəfindən məsləhət görülən ilkin etap skrininq testidir. Tube-lərə (sınaq şüşəsi) qan və 0,36% NaCl məhlulu əlavə olunur. Otaq temperaturunda bir müddət saxlanıldıqdan sonra tube-ün arxasındakı xətt görünürsə neqativ (şəkildə 4,5,9,10), görünmürsə pozitiv (1-3, 6-8) kimi qəbul olunur. NaCl/Distillə suyu nisbəti hesablanır, <80% nəticələr pozitiv hesab olunur. Əsasən tibbi təchizatı zəif olan ərazilərdə istifadə olunur, daşıyıcılığın müəyyən edilməsi mümkündür. Amma diaqnoz daha təkmil testlərlə təsdiqlənməlidir.

Jul 18, 2012

Rh Sistemi

ABO sistemindən sonra ikinci ən əhəmiyyətli qan qrup sistemidir. Təxminən 50 antigendən təşkil olunub və bunlardan ancaq 5-i təyin olunur: D, C, c, E, e. Bunlardan immunogenliyi ən güclü olan D antigenidir, ona görə çox hallarda Rh pozitiv və ya neqativ qan qrupları ancaq bu antigenin təyininə əsasən aparılır. D antigeninin pozitiv və neqativ olması ilə yanaşı zəif poztiv olması da mümkündür və bu nadir hal hesab olunsa da, dünyada ən çox Qafqazda (Qafqaz əhalisinin 1%-i), xüsusilə Azərbaycan əhalisində müşahidə olunur. Zəif pozitiv 2 halda ola bilər:

1.Zəif D (Weak D) – D antigeninin eritrosit səthində zəif ekspressiya olunması;

2.Hissəvi D (Partial D) – D antigeni epitoplarının (30 epitopdan təşkil olunmuşdur) bəzilərinin olmaması.

Zəif və Hissəvi D-ni differensiasiya etmək çox vacibdir, çünki Zəif D tipli insanlara Rh (+), Hissəvi D tipli insanlara isə Rh (-) qan köçürülməlidir. Bunun üçün hissəvi D-nin ən əhəmiyyətli növü olan DVI təyin olunmalıdır.
AGZ

Jul 5, 2012

WCBLC LABORATORİYA TURLARI

18-22 Avqust tarixində keçiriləcək olan Konqresdə Laboratoriya Turları 10 qrup şəklində aparılacaq. Hər qrup 6 nəfərdən inarətdir. Hansı qrupda iştirak etməyi Konqresə online registration aparılarkan seçilir.  Qruplar aşağıdakı laboratoriya işlərini izləyə biləcəklər:

1) DNA – Extraction and PCR
2) DNA – Sequencing (Sanger technology)
3) Next Generation Sequencing
4) 2 dimensional protein electrophoresis
5) Mass spectroscopy
6) Postnatal chromosome diagnostics
7) Prenatal diagnostics
8) Molecular cytogenetics (FISH, Sky)
9) Chip technology (array CGH)
10) Tissue culture and biobanking